İçərişəhər ərazisində soyğunçuluq edən şəxs məsuliyyətə cəlb olunub VİDEO
Bakı, 22 may, AZƏRTAC
Səbail rayonu ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Natiq İsrafilov polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin şəxsin İçərişəhər ərazisində evlərdən birinin həyətinə daxil olub pul kisəsini götürərək hadisə yerindən yayındığı müəyyənləşdirilib. Zərərçəkən polisə məlumat verərək pul kisəsində 14 min rus rublunun olduğunu bildirib.
Polis əməkdaşları tərəfindən qısa zamanda saxlanılan Natiq İsrafilov törətdiyi cinayət hadisəsini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə, ərazi üzrə polis orqanlarına, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.