IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu”nda bu ilin ilk görüşünü keçirib
Bakı, 11 mart, AZƏRTAC
Gənclərin ətraf mühitin mühafizəsinə töhfə vermələri naminə irimiqyaslı layihələr reallaşdıran IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində 2016-cı ilin ilk görüşünü keçirib.
Qurumdan AZƏRTAC-a bildirilib ki, görüş 30-dan çox tələbənin iştirakı ilə IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunub. “Yaşıl söhbət klubu”nda gənclər ətraf mühitlə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşüb, ekoloji mövzularda aparılan söhbətlərdə və interaktiv oyunlarda iştirak ediblər.
IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərinin və onların xarici dil (ingilis dili) səviyyələrinin təkmilləşdirilməsi məqsədilə 2012-ci ilin iyun ayında start verib. Layihə ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olub.
Layihə çərçivəsində görüşlər hər ay təşkil ediləcək.