İQTİSADİYYAT
IFC ilə “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq müzakirə olunub
Bakı, 19 dekabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazirlik və IFC arasında dənizdə külək enerjisindən istifadə də daxil olmaqla bərpaolunan enerji layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Azərbaycanda “yaşıl” enerjidən istifadənin genişləndirilməsi sahəsində IFC və Dünya Bankı Qrupu ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları haqqında danışıb. Ölkəmizin “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib.
IFC-nin vitse-prezidenti Azərbaycanın COP29 beynəlxalq konfransına ev sahibliyi ilə əlaqədar təbriklərini çatdırıb. Ölkəmizin unikal “yaşıl” enerji potensialına, bu sahədə iddialı hədəflərinə və əldə etdiyi nailiyyətlərə diqqət çəkərək təşkilatın layihələrin həyata keçirilməsində texniki dəstək göstərməyə hazır olduğunu bir daha vurğulayıb.
Söhbət zamanı “yaşıl” enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl” hidrogen, elektromobillik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.