İğdırda yeni məktəbəqədər təhsil müəssisəsinə “Şuşa” adı verilib
Bakı, 2 avqust, AZƏRTAC
Türkiyənin İğdır şəhərindəki Topçular məhəlləsində tikintisi başa çatmış yeni məktəbəqədər təhsil müəssisəsinə (anaokul) “Şuşa” adı verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İğdırdakı Heydər Əliyev adına Fənn Liseyinin qarşısında yerləşən bu uşaq bağçasına Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin adının verilməsi təklifini diaspor fəalı, “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş irəli sürüb.
Baş redaktorun bu barədə İğdır valisi Hüseyn Engin Sarıibrahimə müraciəti təqdirlə qarşılanıb və uşaq bağçasına “Şuşa” adının verilməsi barədə qərar qəbul edilib.
İğdır valisi Hüseyn Engin Sarıibrahim bildirib ki, 44 günlük Zəfər savaşından sonra azadlığına qovuşan Qarabağın Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladıqları Bəyannamə ilə dünyaya çox önəmli mesajlar verilib.
“Bu il Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Heydər Əliyev Fənn Liseyinin qarşısında “Şuşa” adlı uşaq bağçasının olması gözəl fikirdir”, - deyə vali söyləyib.
Cabbar Şıktaş qərara görə valiyə təşəkkürünü bildirib. O, 30 il işğal altında saxlanılan Şuşa şəhərinin Vətən müharibəsi və qardaş həmrəyliyi nəticəsində azad Şuşaya çevrildiyini xatırladıb.
Qeyd edək ki, Topçular məhəlləsində inşa olunmuş “Şuşa” uşaq bağçası 8 sinif otağına malikdir və 160 yerlikdir.
Müəssisənin müdiri Fatma Kurt bildirib ki, qəbul üçün hazırlıqlar davam edir.