İki istehsalçıya məxsus yağda uyğunsuzluqlar aşkarlanıb
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində iki istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə AQTA-nın saytında tanış olmaq mümkündür.