İmişlidə sənaye üzrə məhsul istehsalı və xidmətlər 14,2 faiz artıb
İmişli, 31 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında İmişli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi faktiki qiymətlərlə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz və ya 53 milyon 619,7 min manat artaraq 430 milyon 411,3 min manat təşkil edib.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məhsul buraxılışında istehsalın xüsusi çəkisi 85,8 faiz, xidmət sahələrinin payı isə 14,2 faiz səviyyəsində olub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə istehsal sahəsində 14,5 faiz, xidmət sahəsində isə 12,9 faiz artım qeydə alınıb.
Bu dövrdə faktiki qiymətlərlə sənayedə 216 milyon 108,9 min manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 99 milyon 987,9 min manatlıq, tikintidə 53 milyon 333,2 min manatlıq, nəqliyyat və anbar təsərrüfatında 4 milyon 422 min manatlıq, informasiya və rabitədə 585 min manatlıq və ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 55 milyon 974,3 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.