İQTİSADİYYAT
İnarə Vəliyeva: Hazırda Azərbaycanda 100 startap var
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Startap Ekosistemi ilə görüş tədbiri keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə agentliyin sədri İnarə Vəliyeva qurumun innovasiya və startap ekosistem üzrə cari ildə görülən işlərin hesabatını təqdim edib. Agentliyin fəaliyyəti dövründə bir sıra böyük layihələrə başladığını qeyd edən İnarə Əliyeva bildirib ki, hazırda Azərbaycanda 100 startap var.
“Bu startaplar real məhsul istehsal edir. Həmçinin, Azərbaycanda 4 startap akselerasiya mərkəzi, 1 vençur fond, 9 biznes “Mələk fondu” və 8 universitetdə startap mərkəzi fəaliyyət göstərir”, - deyə İRİA sədri vurğulayıb.
Qeyd olunub ki, tədbir çərçivəsində regionda ilk dəfə Azərbaycanda keçirilən startap proqramı “Startup Wise Guys Global Pre-revenue Program” üzrə yekun tədbir keçiriləcək.
“Startup Wise Guys Global Pre-revenue Program” Avropanın aparıcı akseleratorlarından biri olan “Wise Guys” tərəfindən həyata keçirilib. Proqramda yerli startaplar ilə yanaşı bir neçə xarici startap da iştirak edib. Proqramın bağlanış günü olan “Demo Day” tədbirində dövlət qurumlarının nümayəndələri, investorlar, startaplar və digər yerli ekosistem oyunçuları iştirak edir. Bildirilib ki, çoxsaylı startap sözügedən bu proqramdan yararlanıb.