İNDİKİ MƏRHƏLƏDƏ AZƏRBAYCANDA DEFAMASİYA HAQQINDA QANUNUN QƏBUL EDİLMƏSİ DÜZGÜN DEYİL
Ə.Həsənov hesab edir ki, bu cür qanun ilk növbədə inkişaf etmiş ölkələrdə qəbul olunmalıdır. Üzərində iş gedən defamasiya haqqında qanun layihəsində qeyd olunur ki, sənədin məqsədi fikir və söz, habelə məlumat azadlığına xələl gətirmədən fiziki və hüquqi şəxslərin nüfuzunu həqiqətə uyğun olmayan məlumatların kütləvi informasiya vasitələrində bilərəkdən yayılmasından müdafiə etməkdir. Qanunun müddəaları fiziki şəxslərin şərəf və ləyaqəti, işgüzar nüfuzunun qorunması ilə əlaqədar yaranan münasibətlərə şamil olunur.
Bu qanun hazırlanan formada qəbul olunarsa şərəf və ləyaqətlə bağlı münasibətlər məhkəmədə araşdırıldıqda jurnalistlər cinayət məsuliyyətinə cəlb olunmayacaqlar. Əgər qanun qəbul edilərsə, cinayət məcəlləsindəki 147-ci, 148-ci və 323-cü maddələr qüvvədən düşəcəkdir. Azərbaycanda bu qanunun qəbulunu daha çox ATƏT və Avropa Şurası istəyir.
Sənədin müzakirəsi ilə bağlı keçirilən tədbirdə çıxış edən Əli Həsənov bildirmişdir ki, Azərbaycanda hələlik bu qanunu qəbul etmək tezdir. O demişdir: “Azərbaycan hüquqi dövlət quran bir ölkə kimi bu qanunun qəbul edilməsinin tərəfdarıdır və biz bunu gələcəkdə cəmiyyət həyatının ayrılmaz tərkib hissəsi hesab edirik. Söz, fikir azadlığı bütün hüquqi, demokratik dövlətlərdə təmin olunmalıdır. Bunsuz inkişaf, demokratik dövlət yoxdur. Lakin bugünkü şəraitdə bu qanunun Azərbaycanda qəbul edilməsi gözləniləndən də artıq pis nəticələrə gətirib çıxaracaqdır”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda jurnalistin statusu hələ ki, bəlli deyil. Ona görə də bu qanunun kimə tətbiq olunacağı, nə qədər adamın bundan istifadə edəcəyi bilinmir. Çünki Azərbaycanda jurnalistlərin vahid peşə əxlaqı kodeksi yoxdur.
Prezidentin İcra Aparatının şöbə müdiri bildirmişdir ki, Azərbaycan hökuməti defamasiya haqqında qanunu rədd etmir. Bu qanun Avropanın yalnız bir neçə ölkəsində qəbul olunmuşdur. Yaxşı olardı ki, bu sənəd demokratik sistemin, jurrnalist məsuliyyətinin, statusunun formalaşdığı ölkələrdə qəbul edilsin. Əgər Avropa ölkələri bunu bir xartiya kimi qəbul etsələr, onda Azərbaycan da Avropa Şurasının üzvü kimi ona qoşulacaqdır.