İngiltərənin 17 yaşlı futbolçuları Danimarkanı Avropa çempionatından kənarlaşdırıblar
Bakı, 12 may, Elşad Qəzvini, AZƏRTAC
Mayın 12-də 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin “C” qrupunda sonuncu turun matçları oynanılıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda İngiltərə millisi Danimarkaya 3:1 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Bu görüşədək dörd xalla qrup birincisi olan skandinaviyalılar məğlubiyyətdən sonra qrupda qalaraq mübarizəni dayandırıblar.
Slovakiyalı baş hakim Peter Kraloviçin idarə etdiyi oyunda ingilislərin heyətində Nelson 30-cu, Maunt 51-ci və Herst 78-ci dəqiqələrdə fərqləniblər. Qarşılaşmanın sonuna yaxın Danimarkanın heyətində Odqor komandasının təsəlli qolunu vurub.
Beləliklə, “C” qrupunda altı xal toplayan İsveç və İngiltərə növbəti mərhələyə vəsiqə qazanıb. Dörd xalı olan Danimarka və bir xal toplayan Fransa turnirlə vidalaşıb.