İORDANİYA KRALI AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Görüşdə N.Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını əlahəzrət krala yetirmişdir. Kral II Abdulla Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlərini böyük məmnunluq hissilə xatırlamış, salamlarını və xoş arzularını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş etmişdir. Kral diqqətə çatdırmışdır ki, Azərbaycana rəsmi səfərindən sonra İordaniyanın bütün nazirliklərinə ölkəmizlə əlaqələrin yaradılmasını və inkişaf etdirilməsini tapşırmışdır.
Həmin gün N.Sadıqovun İordaniya Krallığının Baş naziri M.Baxit ilə görüşündə ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.
N.Sadıqov İordaniya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri X.Sarayra ilə ölkələrimizin hərbi sahədə əlaqələrinin genişləndirilməsi barədə müfəssəl danışıqlar aparmışdır.
Görüşlər iştirak edən Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu səfərlə bağlı AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, nümayəndə heyətinin səfəri çox uğurla davam edir, aparılan danışıqlar çox səmərəlidir. Bu görüşlər ölkələrimiz arasında əməkdaşlığın, xüsusən hərbi sahədə əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Səfər çərçivəsində nümayəndə heyəti İordaniyanın hərbi hissələrinə və hərbi sənaye müəssisələrinə də baş çəkəcəkdir.