İordaniya turizm üçün cəlbedici və təhlükəsiz ölkələrdən biridir
Əmman, 27 avqust (AZƏRTAC). İordaniya Yaxın Şərq regionunun zəngin tarixə və mədəniyyətə malik müasir, unikal və uğurlu ölkəsidir. Bu ölkə ərəb dünyasında ən təhlükəsiz və sakit məkandır. Dünyanın hər yerindən minlərlə turist böyük məmnuniyyətlə İordaniyaya gəlir. Ölkənin əsas diqqətəlayiq yerlərindən olan qədim Nəbatiyyə sultanlığının paytaxtı-Petra şəhər-muzeyi, eləcə də Vadi-Ram səhrası, Madaba, Ən-Nəba dağı, Musa peyğəmbər Memorialı, Ceraş, Akaba, Umm-Keys və Pelladakı tarixi mədəniyyət abidələri, Cabal-əl-Kalya qalası, Roma Teatrı kimi bütün dünyada məşhur tarixi memarlıq və mədəniyyət abidələri turistlər arasında böyük şöhrət qazanmışdır.
Bu möcüzələrlə dolu ölkəyə ekskursiyanı Əmmanın əsas görməli yeri, bir neçə dövrü əhatə edən tarixi memarlıq abidələrinin və artefaktların böyük hissəsinin cəmləşdiyi Cabal-əl-Kalya muzey kompleksindən başlayırıq. Burada neolit və ellinizm dövrlərinə, eləcə də romalıların hakimiyyəti illərinə aid, əksəriyyəti şəhərin mərkəzində yerləşən arxeoloji abidələri görmək olar.
Bizans kilsəsinin qalıqları, Herkules məbədinin xarabalıqları, Əməvilərin saray kompleksi, həmçinin Arxeologiya Muzeyi kompleksin ərazisində yerləşir. Qədim qalanın divar və sütunlarından fraqmentlər, daxili quruluşunun bir hissəsi salamat qalmışdır. Əmmanın vizit kartı olan Qala təpəsindən şəhərə heyrətamiz mənzərə açılır. Yaxınlıqda uzun gizli yol vasitəsilə Qala ilə birləşən Roma Teatrı yerləşir. Xarici görünüşünə görə təpədə çapılmış dərin piyaləni xatırladan teatr beş mindən on minədək tamaşaçı tutmuş və 33 cərgədən ibarət olmuşdur. Qalanın ərazisində yerləşən Əməvilərin saray kompleksi, Roma dövründə tikilmiş, vaxtilə əzəmətli görünüşə malik Herkules məbədinin xarabalıqları xüsusi maraq doğurur. Məbədin xarabalıqlarını-bir neçə sütun, qismən saxlanmış özül və divarları hazırda Əmmanın böyük məbədi adlandırırlar.
Qeyd etmək lazımdır ki, bu gün Əmman çoxsaylı gözəl mehmanxanalara, restoran, şəkil qalereyaları və muzeylərə, eləcə də ənənəvi şərq bazarlarına, bir çoxu dünya mədəniyyətinin əvəzsiz irsi sayılan məscid və qədim abidələrə malik iri kommersiya və administrasiya mərkəzini birləşdirən müasir Şərq şəhəridir. Müxtəlif məlumatlara görə, burada qədim sivilizasiyanın 16-20 min tarix və mədəniyyət abidəsi vardır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman