“İPƏK YOLU”NDA VELOSİPED TURU” LAYİHƏSİNİN İŞTİRAKÇILARI AZƏRBAYCANDA OLMALARINDAN QÜRUR DUYMUŞLAR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi avqustun 27-də Bakı Biznes Mərkəzində Azərbaycanda olan “İpək yolu”nda velosiped turu” layihəsinin iştirakçıları ilə birgə mətbuat konfransı keçirmişdir.
Tədbirdə Azərbaycanın tarixi keçmişi, mədəni irsi, həmçinin turizmin inkişafı sahəsində ölkəmizdə aparılan işlərlə bağlı ingilis dilində hazırlanmış film nümayiş etdirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi daxili turizmin inkişafı bölməsinin müdiri Mahir Qəhrəmanov bildirmişdir ki, Gürcüstandan Azərbaycana keçmiş yürüş iştirakçıları Balakən-Şəki-Qəbələ-Şamaxı istiqamətində hərəkət edərək avqustun 25-də Bakıya gəlmişlər. Natiq söyləmişdir ki, Türkiyənin İstanbul şəhərindən start götürən və dünyanın 11 ölkəsindən 45 velosipedçinin qatıldığı yürüşün iştirakçıları iki gün ərzində Bakıda tarix və mədəniyyət abidələri, digər görməli yerlərlə tanış olmuşlar.
M.Qəhrəmanov demişdir ki, velosipedçilərin 4 gün ərzində Azərbaycanda gördükləri səmimi münasibət onlarda xoş əhval-ruhiyyə yaratmışdır.
Tədbirdə çıxış edən “İpək yolu”nda velosiped turu” layihəsinin rəhbəri Henry Gold və layihənin digər iştirakçıları Azərbaycanla bağlı təəssüratlarını bölüşmüşlər.
Layihədə ümumilikdə 56 nəfərin iştirak etdiyini bildirən Henry Gold söyləmişdir ki, velosipedçilərdən ən gənci 21-22, ən yaşlısı isə 72-73 yaş həddindədir.
H.Gold vurğulamışdır ki, layihədən məqsəd velosiped yürüşü ilə dünyadakı gözəllikləri yaxından görmək, insanlarla səmimi münasibət qurmaq və gəzdiyimiz ölkələrlə bağlı əsl həqiqətləri öz həmvətənlərimizə çatdırmaqdan ibarətdir.
Gün ərzində 120 kilometr yol qət etdiklərini bildirən layihə rəhbəri Azərbaycanda olduqları günlərin onların həyatında böyük önəm daşıdığını bir daha diqqətə çatdırmışdır.
Mətbuat konfransında çıxış edən digər yürüş iştirakçıları da xalqımızın qonaqpərvərliyindən, səmimiliyindən, onlara göstərilən hərtərəfli diqqət və qayğıdan ürək dolusu danışmışlar.
Velosipedçilər avqustun 27-də Azərbaycan ərazisindən Türkmənistana yola salınmışlar.
Yürüş noyabrın 18-də Pekində başa çatacaqdır.