İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ TOPLANTI
Noyabrın 7-də İqtisadi İnkişaf Nazirliyində bu ilin doqquz ayının yekunlarına həsr edilmiş toplantı keçirilmişdir. Toplantıda nazirliyin struktur bölmələrinin, rayon və şəhər təşkilatlarının məsul işçiləri iştirak etmişlər.
İqtisadi inkişaf naziri Fərhad Əliyev toplantını açaraq dedi ki, ötən dövrdə həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənmiş, makroiqtisadi sabitlik möhkəmlənmiş, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər müsbət nəticələrini vermişdir.
Bu ilin doqquz ayında 106 normativ- hüquqi sənəd hazırlanmış, onların əksəriyyəti təsdiq edilmişdir. 2002-ci ilin 9 ayının göstəriciləri əsasında gələn il üçün Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf konsepsiyası və əsas proqnoz göstəriciləri hazırlanmışdır. 1995-2001-ci illər üzrə iqtisadiyyatın bütün sahələrini əhatə edən məlumat bazası yaradılmış, “Azərbaycan Respublikasının 2003-2005-ci illər üzrə Dövlət İnvestisiya Proqramı”nın layihəsi, müxtəlif qanun layihələri, bir sıra sahələr üzrə proqramlar hazırlanmışdır.
Tədbirdə 2002-ci ilin doqquz ayı ərzində investisiya layihələrinin toplanması və sistemləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi özəlləşdiriləcək müəssisələrin xarici investorlara təqdim olunması məqsədi ilə məlumatlar hazırlandığı da vurğulandı. Beynəlxalq təşkilatlar, maliyyə qurumları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi sahəsində görülən işlərdən danışıldı. Bildirildi ki, 2003-cü ildə respublikamızda Beynəlxalq İnvestisiya Konfranstının keçirilməsi nəzərdə tutulur.
Toplantıda həmçinin qarşıdakı illərdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın, MDB ölkələri ilə, inkişaf etmiş bir sıra dövlətlərlə əlaqələrin genişlənəcəyi xüsusi vurğulandı. Nazir Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərdən də ətraflı danışdı.
Ötən müddətdə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 26,6 milyard manat, dövlət əmlakının icarəyə verilməsindən 9 milyard manatdan çox vəsait daxil olmuşdur. İnvestiya müsabiqələrinin qalibləri müəssisələrə 56 milyon dollar sərmayə qoymaq barədə öhdəlik götürmüş, büdcəyə 13,4 milyard manat vəsait köçürülməsi nəzərdə tutulmuşdur.
Axırda F.Əliyev kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab verdi.