İrəvan ziyalıları və ailələri haqqında kitab hazırlanır
Bakı, 1 iyul, AZƏRTAC
İrəvan ziyalıları və ailələri haqqında kitab yazılır.
Bu barədə AZƏRTAC-a kitabın müəllifi, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva məlumat verib.
O, kitabın təqdimatının Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçiriləcəyini bildirib.
“İrəvanın tarixini bir-iki kitaba sığışdırmaq olmaz. Ona görə də bütün irəvanlılara çağırış edirəm ki, kimdə nə sənədlər varsa, təqdim etsin və daha sanballı əsərlər ortaya qoyaq”, - deyə o vurğulayıb.
Fəridə Səfiyeva, həmçinin qeyd edib ki, İrəvan Şəhər İcması İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə sıx əməkdaşlıq edir. O bildirib ki, uzun illər binasının olmamasına baxmayaraq, İrəvan Dövlət Azərbaycan Dram Teatrı özünü yaşatmağı bacarıb və bu gün də inkişaf edir: “Prezidentin Fərmanı ilə teatra bina ayrıldı. İstəyirəm ki, bu teatr bundan sonra daha yüksək zirvəyə qalxsın və sədası Azərbaycanın hüdudlarını keçsin. Burada elə tamaşalar oynanılsın ki, İrəvanımızın adı bütün dünyaya yayılsın”.
Teatrın ən böyük təbliğat vasitəsi olduğunu vurğulayan Fəridə Səfiyeva sanballı əsərlərin səhnəyə qoyulmasının vacibliyini diqqətə çatdırıb. “Birlikdə işləməliyik, müvafiq mövzular seçilməli, sanballı əsərlər yazılmalı və tamaşalar ərsəyə gətirilməlidr”, - deyə o diqqətə çatdırıb.