İQTİSADİYYAT
İRİA sədri: 2024-cü ildə hədəf ölkədə startap sayını 500-dək artırmaqdır
Bakı, 19 dekabr, AZƏRTAC
2024-cü ildə əsas hədəflərdən biri ölkədə startap sayını 500-dək artırmaqdır. Həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə 2 innovasiya klasteri və 7 innovasiya mərkəzi yaratmağı planlaşdırır. Həmçinin beynəlxalq Texnopark rezidentlərin sayını 50-dək artırmağı düşünürük.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin sədri İnarə Vəliyeva qurumun innovasiya və startap ekosistem üzrə cari ildə görülən işlərin hesabatına dair tədbirdə deyib.
İnarə Vəliyeva qeyd edib ki, gələn il agentlik "Technest" təqaüd proqramının tələbələrinin sayını 19 minə çatdırmağı planlaşdırır.
“Agentliyimiz həmçinin investisiyaların cəlb olunması istiqamətində də çalışır. Artıq Azərbaycanda bir vençur kapital fondundan başqa üç “Mələk İnvestorlar” klubu da yaradılıb. Bu da o deməkdir ki, artıq yeni başlayan startaplara investisiyalar daha intensiv və çox yatırılacaq. İkinci vençur fondun yaradılması istiqamətində işlər görürük", - deyə agentlik sədri əlavə edib.