REGİONLAR
İşğaldan azad olunan Zəngilanda 4, Qubadlıda isə 1 seçki məntəqəsi fəaliyyət göstərəcək
Zəngilan, 30 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb. İşğaldan azad olunan Zəngilanda 4, Qubadlıda isə 1 seçki məntəqəsi fəaliyyət göstərəcək.
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sözügedən dairə üzrə 64 seçki məntəqəsi var. Onlardan 36 seçki məntəqəsi Zəngilan, 28 seçki məntəqəsi isə Qubadlı rayonu üzrədir. Dairə üzrə işğaldan azad olunan ərazilərdə 5 seçki məntəqəsi yaradılıb. Zəngilan şəhər mərkəzində yeni yaradılan seçki məntəqəsi də daxil olmaqla, Zəngilan rayonu ərazisində 4 seçki məntəqəsi, Qubadlı rayonu ərazisində isə 1 seçki məntəqəsi var. Dairə üzrə, ümumilikdə, 56391 seçici qeydə alınıb ki, onlardan 31600 seçici Zəngilan, 24791 seçici isə Qubadlı rayonu üzrə olan seçicilərdir və ilk dəfə səs vermədə iştirak etmək hüququ olanların sayı 783 nəfərdir.
Dairə üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçkilərin gedişatını izləmək üçün 960 nəfər müşahidəçi qeydiyyatdan keçib.