CƏMİYYƏT
İşğaldan azad olunmuş ərazilərdə epizootoloji monitorinqlər davam etdirilir
![](/files/galleryphoto/2023/2/1200x630/16885417814734131898_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16885417811437148365_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16885417812160451379_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688541781903522067_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16885417811580233946_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688541781893834291_1200x630.jpeg)
Baki, 5 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması məqsədilə xüsusi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsi üçün vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış arealları üzrə epizootoloji monitorinqlərə start verib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ərazi üzrə əməkdaşları və mütəxəssisləri iştirak edirlər.
Monitorinqlər Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən tərtib olunmuş məlumatlara istinadən vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış areallarında keçirilir. Eyni zamanda Naxçıvan MR-in ərazisindəki Milli Park və dövlət təbiət yasaqlıqlarında, həmçinin işğaldan azad olunan Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının ərazisində həyata keçirilir. Artıq Kəlbəcər rayonunun Murovdağ silsiləsi, Sarı yer, Alagöllər, Qara Arxac yaylaqları, Laçın rayonu ərazisində Şəlvə, Qorçu, Ərikli kəndləri və digər ərazilər monitorinqlə əhatə olunub.
İyulun 3-də başlayan monitorinqlər ayın 8-dək davam edəcək. Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Müvafiq ölkə hesabatı yenidən tərtib edilərək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunacaq.