İsmayıllıda avtoxuliqanlıq edən sürücü saxlanılıb
Bakı, 31 iyul, AZƏRTAC
İsmayıllıda avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan və bu kimi əməllərini sosial şəbəkələrdə paylaşan sürücü müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Rayon sakini Musa Xəlilli sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə intizamsızlıq edərək yol-hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətləri edib. Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtonəqliyyat vasitəsi özünün də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib. M.Xəlilli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində 500 manat pul məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Rayon ərazisində oxşar qayda pozuntusuna yol verən, vətəndaşların dincliyini və ictimai asayişi pozan sürücülərin müəyyənləşdirilərək barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə polis əməkdaşları nəzarət tədbirlərini gücləndiriblər.