İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinə infotur təşkil olunub
İsmayıllı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə infotur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşları Sevil Rəsulzadə və Pərvanə Əsgərzadə uşaq və ailələrə göstərilən dəstəklər, onların əhəmiyyəti, həmçinin mediatur və infoturların ictimai məlumatlandırmadakı rolu barədə iştirakçılara məlumat veriblər.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva iştirakçılara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, "Sensor otağı" diqqət çatışmazlığı və hiperaktivlik problemi olan uşaqlarla iş üçün nəzərdə tutulub. Uşaqlar ilkin mərhələdə müşahidədən keçirilir, diqqət və sosial bacarıqların inkişafı üzrə mütəxəssislərə yönləndirilir.
Psixoloq otağında məktəblərdən və valideynlərdən yönləndirilən uşaqlara, həmçinin böyüklərə psixoloji xidmət göstərilir.
Tədbir zalında isə sosial və maarifləndirici tədbirlər, o cümlədən müsabiqələr təşkil olunur. Bu tədbirlər uşaqlar arasında böyük maraqla qarşılanır və onların enerjisi düzgün istiqamətə yönəldilir.
Mərkəzin psixoloqu Rəsul Rəhimli cari il ərzində mərkəzə daxil olan müraciətlər və görülən işlər barədə təqdimatla çıxış edib. Diqqətə çatdırıb ki, həmin müddətdə mərkəzə ümumilikdə 248 müraciət daxil olub. Bu müraciətlər arasında məişət və psixoloji zorakılıq, məcburi nikah, erkən evlilik, sosial və maddi problemlər xüsusi yer tutur.
Rəsul Rəhimli bildirib ki, müraciətlər daxil olduqdan sonra hər bir məsələ ətraflı araşdırılır, zərurət yarandıqda hüquq-mühafizə orqanları, icra strukturları və sosial xidmət qurumları ilə sıx əməkdaşlıq edilir. Cari il ərzində 105 ailə ilə yerində iş aparılıb, 90 maarifləndirici tədbir və 441 inkişafetdirici məşğələ təşkil olunub. Eyni zamanda, ailələrlə uzunmüddətli profilaktik söhbətlər aparılaraq uşaqların internat müəssisələrinə düşməsinin, intihara cəhdlərin, erkən nikah hallarının qarşısı alınıb və sağlam ailə mühitinin qorunması təmin olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.