İsraildə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) və İsraildəki Azərbaycan diasporu Xocalı soyqırımının 19-cu ildönümünü qeyd etmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsini anma günündə çıxış edən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş Sovet Ordusunun 366-cı alayının köməyi ilə Xocalıya hücum etməsini dinc insanlara qarşı törədilmiş ən qanlı cinayətlərdən biri kimi qiymətləndirmişdir. O, faciədən 19 il keçsə də azərbaycanlıların Xocalı qətliamını unutmadıqlarını bildirmişdir.
İ.Şaqal bu faciənin təkcə hərbi cinayət deyil, həm də erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə siyasəti olduğunu demişdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva İsraildəki Azərbaycan diasporunun bu tədbirin təşkil olunması və keçirilməsindəki rolunu yüksək qiymətləndirmişdir. Deputat bəyan etmişdir ki, Xocalıda ermənilər tərəfindən insanlıq əleyhinə cinayət törədilmişdir. Dinc Azərbaycan əhalisi yalnız azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirilmişlər. Ermənilərin vəhşiliyini bütün dünya bilməlidir və cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
“İsrail-Azərbaycan” Parlamentlərarası Assosiasiyasının sədri, deputat Robert İlatov Xocalıda baş verənləri Azərbaycan xalqının dəhşətli faciəsi kimi xarakterizə etmiş, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsini anma günündə iştirak edən İsrail Knessetinin keçmiş deputatı, müdafiə nazirinin sabiq müavini və Netanya Universiteti yanında Strateji Dialoq Mərkəzinin sədri general Yefraim Sne, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut və digərləri Xocalı faciəsi ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı vermişlər.
Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimində İsraildə akkreditə olunmuş Türkiyə, Özbəkistan nümayəndəliklərinin təmsilçiləri, İsrail parlamentinin deputatları, siyasi və ictimai təşkilatların liderləri iştirak etmişlər.
######
