İtaliyada muzeyin eksponatları arasında qədim üstürlab aşkarlanıb
Bakı, 5 mart, AZƏRTAC
Veronadakı (İtaliya) muzeyin eksponatları arasında XI əsrdə ibrani və ərəb dillərində yazıları olan astrolyabiya (üstürlab - fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən cihaz) aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Nuncius” jurnalında dərc olunan məqalədə bildirilir. Bu tapıntı İslam-yəhudi elmi mübadiləsinə dəlalət edir.
Tarixçi Federika Qiqante üstürlabın bu yaxınlarda muzeyin saytında yayımlanan təsvirinə rast gəlib. Muzey əməkdaşları əşyanın nə məqsəd daşıdığını bilməyiblər və onun saxta ola biləcəyini düşünüblər. Üstürlab ibrani və ərəb dillərində qravyura ilə həkk edilmiş yazılarla örtülü olub. Əsrlər boyu nəsillərdən-nəsillərə ötürülüb. Onun müxtəlif sahibləri - müsəlmanlar, yəhudilər, Avropa xristianları ona dəyişikliklər ediblər və yazıları tamamlamağa çalışıblar. Ondan vaxtı, məsafəni hesablamaq, ulduzların mövqeyini təyin etmək və ulduz falı tərtib etmək üçün istifadə olunub.
“Bu, sadəcə inanılmaz dərəcədə nadir obyekt sayılmamalıdır. Bu, yüz illərdir ərəblər, yəhudilər və xristianlar arasında elmi mübadilənin əhəmiyyətli dərəcədə vacib sübutudur” – o deyib.
Üstürlab çox güman ki, XI əsrdə İspaniya müsəlmanlarının hakimiyyəti altında olan Toledoda hazırlanıb. Plitənin bir tərəfində ərəb dilində “38°30' Kordoba enliyi üçün, digər tərəfində 40° Toledo enliyi üçün yazılıb. Toledo o dövrdə müsəlmanlar, yəhudilər və xristianlar arasında çiçəklənən birgəyaşayış və mədəni mübadilə mərkəzi olub. Alətdə müsəlman namazlarının mətni və Şimali Afrika enlikləri də qeyd edilib.