ELM VƏ TƏHSİL
Jak de Morqanın “Arxeoloji tədqiqatlar” kitabı Azərbaycan dilində nəşr edilib
Bakı, 10 aprel, AZƏRTAC
Fransalı arxeoloq Jak de Morqanın 1896-cı ildə Azərbaycanın Cənub bölgəsində apardığı tədqiqatların nəticələri ilə bağlı Parisdə nəşr etdirdiyi “Arxeoloji tədqiqatlar” kitabının fransız dilindən Azərbaycan dilinə tərcüməsi AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi tarix elmlər doktoru Tufan Axundovun və Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundovanın redaktəsi ilə çap olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrin layihə rəhbəri Cabbar Əliyev, tərcüməçisi İxtiyar Murtuzayev, naşiri isə Akif Dənzizadədir.
Kitabda müəllif gördüyü işləri addım-addım təsvir edir, əldə edilmiş materialların təsnifatını verir. Deyilənlərlə yanaşı, o, tədqiq etdiyi ərazinin tarixi inkişafı haqqında mülahizələr yürüdür, özünün çəkdiyi çoxlu sayda fotoları, rəsmləri, tərtib etdiyi sxemləri və xəritələri əlavə etməklə maraqlı məlumatlar təqdim edir.
Yeni nəşr arxeoloqlar, etnoqraflar, tarixçilər, sənətşünaslar, eləcə də qədim dövr tarixi və mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.