Jansaya Nuraliyeva: Azərbaycan və Qazaxıstan qardaş ölkələrdir
Astana, 11 iyul, AZƏRTAC
Qazaxıstanla Azərbaycan arasında münasibətlər dərin tarixi köklərə malikdir və hazırda əməkdaşlığın geniş spektrini əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Eyni zamanda, Astana Bakı ilə əlaqələri yüksək qiymətləndirir, daim iki xalqın xüsusi yaxınlığını vurğulayır.
İki qardaş ölkə arasında əlaqələri şərh edən Qazaxıstan İctimai Siyasət İnstitutunun eksperti Jansaya Nuraliyeva fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb. O əlavə edib: “Azərbaycan və Qazaxıstan sıx mədəni, humanitar və iqtisadi əlaqələrə malik türkdilli ölkələrdir və bu münasibətləri daha da inkişaf etdirmək niyyətindədirlər”.
Ekspert iki dövlətin xüsusi yaxın münasibətlərini vurğulayaraq qeyd edib ki, Azərbaycan və Qazaxıstan qardaş ölkələrdir.
Ekspert iki ölkə arasında çoxtərəfli əməkdaşlıq mövzusuna da toxunub. Nuraliyevanın sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı turizm, ticarət əlaqələri fəal şəkildə inkişaf etdirilir və əməkdaşlığa dair yeni müqavilələr imzalanır.
Nuraliyeva Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirib. O deyib: “ŞƏT çərçivəsində əməkdaşlıq ikitərəfli münasibətlərimizin əsas istiqamətlərindən biridir”.
Nuraliyeva, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin “ŞƏT Plyus” formatında Zirvə toplantısında iştirak etmək üçün iyulun 3-də Astanaya səfərini xatırladıb və qeyd edib ki, burada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə keçirilən görüşdə əməkdaşlığın bütün sahələrdə inkişafı məsələləri müzakirə olunub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana