“Judo Club 2012”nin üzvləri uğurları davam etdirirlər
Bakı, 27 noyabr, AZƏRTAC
“Judo Club 2012”nin yetirmələri ölkədaxili yarışlarda uğurlu çıxışlarını davam etdirirlər.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində kişilər və qadınlar arasında təşkil olunan cüdo üzrə açıq Bakı çempionatında təmsilçiləri 2 qızıl, 3 gümüş və 6 bürünc medal qazanan “Judo Club 2012” komanda hesabında birinci yeri tutub.
“Judo Club 2012”nin yetirmələrindən Hüseyn Məmmədov (+100 kq) və Aidə Baxışova (70 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Ələsgərli (66 kq), Diana Şoranova (63 kq) və Nərgiz İbrahimova (70 kq) isə yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. Klubun aktivinə bürünc medalları isə Fərid Qəzənfərov (66 kq), İsa Əliyev (66 kq), Əbdülcəlal Hüseynov (81 kq), Abdulla Abdullayev (81 kq), Əbülfət Əliyev (100 kq) və Günel Quliyeva (70 kq) yazdırıblar.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 27 klubu təmsil edən 235 (201 kişi, 34 qadın) idmançı mübarizə aparıb. Şəhər çempionatında fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak hüququ əldə ediblər.
Bundan başqa, “Judo Club 2012”nin karateçiləri Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında keçirilən 20-ci respublika birinciliyində 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. Klubun aktivinə qızıl medalı 16-17 yaşlı idmançıların yarışında 76 kiloqram çəki dərəcəsində çıxış edən Fərid Ağayev yazdırıb. Bu yaş kateqoriyasında qüvvəsini sınayan klubun istedadlı yetirmələrindən Fidan Dadaşova (48 kq) və Abbas Dadaşov (68 kq) gümüş medala sahib olublar. Kamal Amaşov isə (45 kq) 12-13 yaşlıların mübarizəsində bürünc medala layiq görülüb.
Klubun ciu-citsu bölməsinin yetirmələri isə Şağan Olimpiya İdman Kompleksində təşkil olunmuş Braziliya ciu-citsusu üzrə Azərbaycan çempionatında uğurla çıxış ediblər. Onlar uşaq, yeniyetmə, böyüklər və veteranlar arasında keçirilən və 32 klubdan 250-dən çox idmançının mübarizə apardığı yarışı 17 (9 qızıl, 4 gümüş, 4 bürünc) medalla başa vurublar. Gi və no-gi versiyaları üzrə keçirilən yarışda komanda üzvlərindən Əbülfəz Nağıyev (31 kq), Ənvər Nəcəfov (36 kq), Amin Quliyev (55 kq), Nail Əmirov (71 kq), Emin Əsədov (79 kq), Çingiz Mehdiyev (79 kq), Rauf Atakişiyev (91 kq), Ruslan Nağıyev (91 kq) və Məmməd Tağızadə (100 kq) müxtəlif kateqoriyalar üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər. Xalid Süleymanlı (20 kq), Bağır Əliyev (31 kq), Zakir Babayev (79 kq), Teymur İslamov (91 kq) çempionatın gümüş medallarına sahib olublar. Müslim Əliyev (29 kq), Murad İsmiyev (71 kq), Paşa Paşazadə (72 kq) və Niyaz Bağırov (79 kq) isə üçüncü yeri tutublar.