Jurnalistlərin ekoloji sahədə biliklərinin artırılması məqsədilə təlim proqramı hazırlanmışdır
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Azərbaycan Mətbuat Şurasında “Müasir mətbuatda ekoloji sabitlik və iqlim dəyişmələri” mövzusunda jurnalistlər üçün hazırlanmış təlim proqramına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat vermişdir ki, proqram “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” layihəsi çərçivəsində tərtib edilmişdir. Layihə Mətbuat Şurasının UNESCO-nun Moskva ofisi ilə birgə müqaviləyə əsasən, Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram çərçivəsində reallaşmışdır.
UNESCO-nun İnsan və Biosfer Azərbaycan Milli Komitəsinin sədri Urxan Ələkbərov bildirmişdir ki, hazırda dünyada qlobal ekoloji problemlər çox aktual bir mövzudur. Ekoloji problemlər çox zaman insan fəaliyyəti nəticəsində baş verir. Bu da insanların məlumatsızlığının nəticəsidir. Bu problemlərin həllində mətbuatın çox böyük rolu vardır. Jurnalistlərin ekoloji problemlər, iqlim dəyişmələrinin səbəbləri, bu proseslərin yaratdığı fəsadlar haqqında məlumatlandırılması baxımından bu layihənin əhəmiyyəti böyükdür. Hazırlanmış bu təlim proqramı, eyni zamanda ixtisaslaşmış elmi jurnalistikanın inkişafına xidmət edir. Təlim proqramının ali təhsil ocaqlarında, jurnalistika fakültələrində tədris olunması nəzərdə tutulmuşdur.
Tədbirdə təlim proqramı ilə bağlı müzakirələr aparılmışdır.