KANADA AZƏRBAYCAN TƏŞKİLATLARI ASSAMBLEYASININ BİRİNCİ QURULTAYI KEÇİRİLƏCƏKDİR
Bakı, 26 may (AZƏRTAC). Mayın 30-da Torontoda Kanada Azərbaycan Təşkilatları Assambleyasının (KATA) birinci qurultayı keçiriləcəkdir.
Tədbirdə KATA-nın təsis qurultayından ötən müddət ərzində görülən işlərlə bağlı hesabat məruzəsi dinləniləcəkdir. Məruzə ətrafında çıxışlarla yanaşı, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasından irəli gələn mühum məsələlər də müzakirə ediləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, qurultayda, həmçinin KATA-nın növbəti müddət üçün iş planı təsdiqlənəcək, təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılacaqdır.
Assambleyaya üzv təşkilatların rəhbərlərinin, diaspor təşkilatları nümayəndələrinin, Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının və digər qonaqların iştirak edəcəyi tədbirin sonunda bir neçə sənəd qəbul olunacaqdır.
Qurultaydan sonra 150 nəfərin dəvət olunduğu qəbul nəzərdə tutulmuşdur.
Mayın 31-də isə qurultay iştirakçıları və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin Niaqara şəhərindəki büstünü ziyarət edəcəklər.
Qeyd edək ki, KATA 2006-cı il dekabrın 17-də Ontario və Kvebek vilayətlərində fəaliyyət göstərən 8 Azərbaycan diaspor təşkilatının - Kvebek Azərbaycanlıları Assosiasiyası, Kanada-Azərbaycan Dostluq Assosiasiyası, Ontario Azərbaycanlıları İcması, Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası, Kanada Azərbaycan Ticarət Mərkəzi, Kanada Azərbaycan Tələbələri Cəmiyyəti, Kanada Azərbaycan Qadınları Assosiasiyası və Kanada Azərbaycan Gənclər Assosiasiyasının toplantısında təsis olunmuşdur.
Qurumun məqsədi Azərbaycan həqiqətləri, Dağlıq Qarabag münaqişəsinin ağır və acı nəticələri barədə Kanada ictimaiyyətinə daha geniş informasiya çatdırmaq, Azərbaycan dövlətinin xarici siyasətini dəstəkləmək və uzaq Kanadada, Amerika qitəsində onu təbliğ etmək, azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin gücləndirilməsi vasitəsilə onların milli ideyalar ərtafında sıx birləşməsini və soydaşlarımızın Kanadanın ictimai-siyasi həyatında fəal iştirakını təmin etməkdir.