KANADADA “XƏZƏRYANI ÖLKƏLƏRİN XARİCİ SİYASƏTİNİN FORMALAŞMASINDA ENERJİ DAŞIYICILARININ ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏKDİR
Bakı, 25 may (AZƏRTAC). Mayın 29-da Kanadanın Toronto şəhərindəki Beynəlxalq Əlaqələr üzrə Munk Mərkəzinin “Vivian & David Campbell” konfrans zalında “Xəzəryanı ölkələrin xarici siyasətinin formalaşmasında enerji daşıyıcılarının rolu” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir. Konfransda Kanada, ABŞ və Azərbaycandan məruzəçilər də iştirak edəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Azərbaycanın bu sahədə təcrübəsi barədə məruzələr və çıxışlar nəzərdə tutulmuşdur.
London İqtisadi və Siyasi Elmlər Universitetinin nümayəndəsi Aslan Amaninin konfransdakı açılış nitqindən sonra Toronto Universitetinin təmsilçisi Lucan Vay “Sabiq Sovetlər İttifaqında avtoritar sabitlik mənbələri: müqayisəli perspektivdə Azərbaycan” mövzusunda məruzə edəcəkdir. Həmin universitetin daha bir alimi Robert Austinin çıxışı isə “Azərbaycanın xarici siyasətinə kənardan müşahidə perspektivləri” mövzusunda olacaqdır. Stonbric Beynəlxalq MMC-nin aparıcı məsləhətçisi Elşən Ələkbərov “Xəzər hövzəsi enerji istehsalında siyasi və kommersiya reallıqları: Rusiya, ABŞ, Avropa İttifaqı və Çin mənbə və təsir axtarışında” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Tədbirdə Azərbaycanın xarici siyasətinin prioritetləri haqqında ətraflı məlumat veriləcəkdir.
Konfransdan sonra Azərbaycanın enerji ehtiyatları və xarici siyasətinə həsr olunmuş ayrıca dəyirmi masanın təşkili də nəzərdə tutulmuşdur.