Kanadalı və gürcüstanlı seysmoloqlar Azərbaycanda səfərdədir
Bakı, 24 oktyabr, AZƏRTAC
Kanada Universitetinin professoru Tuna Onur, Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze və həmin mərkəzin əməkdaşı Albert Vuzaladze Azərbaycanda səfərdədirlər.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar. AMEA nəzdində RSXM-in icraçı direktoru, dosent Rauf Muradov tikintidə seysmikliyin qiymətləndirilməsi və seysmikliyin qiymətləndirilməsinə təsir edən amillərin öyrənilməsi sahəsində olan yeniliklərə toxunaraq, professor Tuna Onurun Azərbaycan üçün hazırladığı yeni modeli təqdim edəcəyini bildirib.
Kanada Universitetinin professoru Tuna Onur mərkəz əməkdaşları üçün “Azərbaycanda seysmik təhlükənin qiymətləndirilməsinin yeni modeli” mövzusunda məruzə edib. Professor məruzəsində hazırda dünya ölkələrində binaların tikintisi zamanı tətbiq olunan seysmik riskin qiymətləndirilməsi üsulları və metodlarından danışıb. O, tikinti normaları sahəsində olan yeniliklərdən də bəhs edib.
İclasda AMEA nəzdində RSXM-in aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev Azərbaycan ərazisinin geoloji quruluşu, eləcə də quru ərazilər və Xəzər dənizində yer səthində olan qırılmalara dair məruzə təqdim edib.
Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze isə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində görülən işlərdən və iki ölkə arasında həyata keçirilən birgə əməkdaşlıq məsələlərindən danışıb.
Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, səfər çərçivəsində Kanada Universitetinin professoru Tuna Onurun bir sıra dövlət qurumlarında da rəsmi görüşləri nəzərdə tutulub.