Kanar adalarında meşə yanğınları nəticəsində 3273 hektar ərazi külə dönüb
Bakı, 18 avqust, AZƏRTAC
İspaniyanın Tenerife adasındakı meşə yanğını genişləndiyindən indiyədək 3273 hektar ərazi külə dönüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İspaniyanın Kanar adalarının Tenerife adasının şimal-şərqindəki təbiət parkında başlayan meşə yanğınını hələ də söndürmək olmur. Ümumilikdə 17 təyyarə, 350 yanğınsöndürən və hərbi qulluqçunun söndürməyə cəhd etdiyi yanğın genişlənməkdə davam edir. İndiyədək 3 min 273 hektar sahə yanğından külə dönüb. Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo gecə saatlarında verdiyi açıqlamada yanğının genişlənməkdə olduğunu qeyd edib.
Fernando Klavixo bildirib ki, bu, Kanar adalarında ən azı son 40 ildə baş vermiş ən mürəkkəb yanğındır. Klavixo ekipajların gecə-gündüz işlədiyini, lakin yanğının nəzarətdən çıxdığını söyləyib. İspaniya hökumətinin məlumatına görə, ilin ilk 7 ayında meşə yanğınları təxminən 64 min hektar ərazini yandırıb.