Karateçilərimiz Avropa çempionatında beş medal qazanıblar
Bakı, 3 noyabr, AZƏRTAC
“Qaraqaplan” karate klubunun yetirmələri Rusiyanın Oryol şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, məşqçi Əli Rəcəbovun rəhbərliyi altında çempionata 5 karateçimiz qatılıb və hamısı mükafat qazanıb.
Çempionatda 30 kiloqram çəki dərəcəsində çıxış edən Mədinə Kazımova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Turnirdə 10-11 yaşlı idmançıların yarışında Orxan Musayev (50 kq-dan yuxarı) finaladək inamla irəliləyib. Həlledici görüşdə məğlub olan karateçimiz gümüş medalla kifayətlənib.
Klubun digər üzvləri Nazim Hacıyev (8-9 yaş, 30 kq), Rafael Zeynalov (8-9 yaş, 38 kq-dan yuxarı) və Fərəc Əliyev (10-11 yaş, 40 kq) çempionatı üçüncü pillədə başa vurublar.