Kasseldə Xocalı qətliamına etiraz nümayişi keçirilmişdir
Berlin, 1 mart (AZƏRTAC). Almaniyanın Kassel şəhərində Alman Azərbaycan Dialoq Platformu və Gənclər üçün Təhsil Mərkəzinin müştərək təşkilatçılığı ilə Xocalı qətliamına etiraz nümayişi keçirilmişdir. Nümayişin keçirilməsinə, eyni zamanda, Azərbaycanın Almaniyadakı səfirliyi və “Xocalıya ədalət!” kampaniyası da xüsusi dəstək göstərmişlər. Nümayişin keçirilməsində əsas məqsəd 1992-ci il 26 fevral tarixində ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə Almaniya ictimaiyyətini məlumatlandırmaq və Almaniya hakim dairələrinin diqqətini bu məsələyə daha yaxından cəlb etmək olmuşdur. Nümayiş üçün icazə bir həftə əvvəl Kassel icra hakimiyyətindən alınmışdı. Aksiyada Almaniyanın bir çox yerlərindən onlarca azərbaycanlı tələbə, diaspor nümayəndələri, o cümlədən Kassel şəhərinin yerli türk icmaları qoşulmuşdular. Nümayişin əvvəlində saat 12-də Kasselin mərkəzi meydanlarından birində toplaşan iştirakçılar əllərində Azərbaycan bayraqları və müxtəlif plakatlarla şəhərin mərkəzi küçəsi boyunca icra hakimiyyətinin binasınadək yürüş etmişlər. Nümayişə Kasselin yerli mətbuat orqanlarının nümayəndələri də qoşulmuşlar. Tədbir zamanı Xocalı qətliamı ilə bağlı müxtəlif buklet, kitab və CD-lər küçə boyunca almanlara paylanmışdır. Nümayiş zamanı “Biz nə istəyirik? - Xocalıya ədalət!”, “Sarkisyan Qarabağı tərk et!”, “Erməni işğalına son!”, “Erməni təcavüzünə son!”, “Xocalıya ədalət!” kimi şüarlar səsləndirilmişdir. Nümayişi izləyən almanlar məsələ ilə bağlı yaxından maraqlanır, özləri yaxınlaşaraq nümayiş iştirakçılarından məlumat istəyirdilər. Nümayişin sonunda icra hakimiyyətinin binasının qarşısında 1992-ci il fevralın 26-da baş vermiş hadisələrlə bağlı Kassel Azərbaycan İcmasının sədri Mübariz Məmmədov çıxış etmişdir. O, çıxışında bir daha alman xalqına müraciətlə nümayiş iştirakçılarının əsas istəyinin Xocalı soyqırımına ədalətlə baxılması və bu hadisəni törədənlərin layiqli cəzalarına çatdırılması olduğunu xatırlatmışdır. Dinc şəkildə başa çatan nümayiş zamanı heç bir insident qeydə alınmamışdır.
Nümayişin videokadrları youtube.com portalına yüklənmişdir:
http://www.youtube.com/watch?v=ulmMt2j-Xl4
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin