Keçmiş məcburi köçkün: 7 yaşımda çıxdığım kəndimə ailəmlə qayıdıram
Füzuli, 23 oktyabr, AZƏRTAC
Keçmiş məcburi köçkün Ramil Zeynalov ailəsi ilə birlikdə Xocavənd rayonunun Quzeyxırman kəndində məskunlaşacaq, gündəlik həyatlarını orada davam etdirəcəklər. O, uzun illərdir davam edən köçkünlük həyatından sonra bu gün ailəsi ilə birlikdə doğma ata-baba yurduna qayıdır.
AZƏRTAC-ın bölgə müxbiri ilə təəssüratlarını bölüşən Ramil Zeynalov kənddən çıxanda cəmi 7 yaşının olduğunu və birinci sinifdə oxuduğunu bildirib: “O vaxtlar həmin ağrılı-acılı günləri mən də yaşamışam. İndi isə 4 nəfərlik ailəmlə – həyat yoldaşım və iki övladımla birlikdə doğma yurduma, torpağıma qayıdıram”.
Məcburi köçkünlük dövründə Ağcabədidə və Zərdabda məskunlaşdığını, 10 yaşından etibarən Zərdab rayonunda boya-başa çatdığını vurğulayan Ramil Zeynalov Vətənə qayıdış ümidini heç vaxt itirmədiyini söyləyib: “Həmişə bir gün Vətənə dönəcəyimə inamım və ümidim var idi. İndi isə çox şükür ki, bu sevinci yaşayırıq. Öz torpağıma, elimə-obama qayıtdığım üçün çox xoşbəxtəm və Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm. Hər şey çox gözəldir. Doğma Quzeyxırman kəndində məskunlaşacaq, güzəranımızı, gələcək həyatımızı artıq öz torpağımızda quracağıq”.
Müxbir – Aydın Yavərzadə