KƏND TƏSƏRRÜFATI NAZİRİ ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Qonağı səmimi salamlayan nazir ölkələrimiz arasında ictimai-siyasi, iqtisadi, hərbi, sosial və digər sahələri əhatə edən mövcud strateji əməkdaşlıqdan məmnunluğunu bildirmiş və demişdir ki, bu il aprelin sonlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a
səfərindən sonra bu əməkdaşlıq özünün dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. ABŞ Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biri kimi ölkəmizdə genişmiqyaslı iqtisadi islahatların aparılması işinə öz töhfəsini verir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi humanitar yardım, yoxsulluğun azaldılması, ictimai maarifləndirmə, özəl aqrar sahələrin inkişafına yönəldilmiş proqramlar həyata keçirir.
İsmət Abasov proqram çərçivəsində kənd təsərrüfatı sahəsində görülmüş işləri sadalamış, ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti, Kənd Təsərrüfatı Nazirliyi, Ticarət və İnkişaf Agentliyi tərəfindən baytarlıq diaqnostika laboratoriyaları, epidemioloji stansiyalar tikintisi və təchizatı, “quş qripi” xəstəliyinin diaqnostikası, onunla mübarizə tədbirlərinin təşkili və s. sahələrdə həyata keçirilmiş tədbirləri minnətdarlıqla xatırlatmışdır.
Nazir ölkə iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisi, aqrar islahatlar, onların nəticələri, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası barədə də məlumat vermişdir.
İsmət Abasov aqrar sahədə ikitərəfli əməkdaşlıq üçün potensial imkanlar olduğunu nəzərə çarpdırmış və konkret təkliflərini bildirmişdir.
Xanım Ann Ders səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür etmiş, Prezident İlham Əliyevin ABŞ-a səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına yeni təkan verdiyini vurğulamışdır. Diplomat xanım Azərbaycan iqtisadiyyatında aqrar sahənin neft sektorundan sonra ikinci yeri tutduğunu və bu sahənin qədim ənənəyə malik olduğunu yaxşı bildiyini qeyd etmişdir. O, fəaliyyəti dövründə Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq, ABŞ iş adamlarının aqrar sahəyə cəlb edilməsi, informasiya və məsləhət xidmətinin təkmilləşdirilməsi, fitosanitariya və baytarlıq sahəsində əlaqələrin daha da gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə söz vermişdir.