Kiyevdə türk xalqlarının dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərginin təntənəli açılışı olmuşdur
Bakı, 20 sentyabr (AZƏRTAC). Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 19-da “Ukraynanın türkdilli xalqları” Beynəlxalq simpoziumu çərçivəsində dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərginin təntənəli açılışı olmuşdur.
Sərgidə Azərbaycan, Krım və Kazan tatarları, habelə qaqauz, qaraim, krımçak, türkmən, qazax, qırğız, özbək və başqırd xalq sənətkarlarının əsərləri təqdim olunmuşdur.
Azərbaycanın təsviri və dekorativ sənətini, müxtəlif tarixi dövrlərinin xalq yaradıcılığı nümunələrini, milli geyimləri və bəzək əşyalarını əyani şəkildə əks etdirən ekspozisiya tələbələr və sərginin qonaqları tərəfindən maraqla qarşılanmışdır.
Ukraynanın Xalq Artisti Qurban Abbasov fəxrlə demişdir: “Mənə çox xoşdur ki, ukraynalılar burada yaşayan türkdilli xalqların problemləri ilə maraqlanırlar. Belə simpoziumlar türk mədəniyyəti ilə yaxından tanış olmağa və onun köklərini öyrənməyə imkan verir”. Azərbaycanın ekspozisiyasını UAK-ın, “Demokratiyanın nəbzi” ictimai gənclər təşkilatının üzvləri Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə hazırlayaraq təqdim etmişlər.
Xatırladaq ki, Beynəlxalq simpozium sentyabrın 19-dan 22-dək Kiyevdə, Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) bazasında keçirilir. T.Şevçenko adına KMU-nun Filologiya İnstitutunun türkologiya və folklorşünaslıq kafedrası, Türkiyə Folklor Araşdırmaları İnstitutu və “Ukrayna Qaqauzları İttifaqı” ictimai qurumunun təşkilatçılığı ilə keçirilən simpoziumda Ukraynanın türkdilli xalqlarının təhsil məsələləri müzakirə olunur.
Bu, artıq üçüncü belə forumdur. Tatarlar, qaqauzlar, qaraimlər və krımçakların dil və mədəniyyət məsələlərinə həsr olunmuş birinci forum 2006-cı ildə, ikinci “dəyirmi masa” isə 2008-ci ildə keçirilmişdi.
Budəfəki forumun proqramı Ukrayna ərazisində yaşayan türkdilli xalqların dil, etnomədəni və tarixi məsələlərinə dair geniş diskussiyalar aparılmasını nəzərdə tutur.