SİYASƏT
“Kola ensiklopediyası” Murmansk vilayətinin 75 illiyi bayramına hazır olacaqdır
Bakı, 10 avqust (AZƏRTAC). Rusiyanın Murmansk vilayətinin “Kola ensiklopediyası” adlı çoxcildlik elmi-məlumat nəşrinin hazırlanması 2003-cü ildən başlanmışdır. 2008-ci və 2009-cu illərdə planlaşdırılmış dörd cilddən ikisi nəşr olunmuşdu. Məqalələrin yaradılmasında 200-dən çox müəllif iştirak etmişdir.
Ensiklopediyanın üçüncü cildinin 2012-ci ilin sonunda, dördüncü cildinin isə 2013-cü ildə, Murmansk vilayətinin 75 illiyi ərəfəsində nəşr edilməsi nəzərdə tutulur. Dörd cildin hamısı həm də elektron variantda buraxılacaqdır.
“Kola ensiklopediyası”nın çap olunmuş iki cildi Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk şöbəsinə hədiyyə verilmişdir.
“Kola ensiklopediyası” universal ensiklopedik məlumat nəşrdir. Burada diyarın inzibati quruluşu, tarixi və mədəniyyəti, ictimai-siyasi həyatı, iqtisadi inkişafı və təbii-iqlim şəraiti barədə məlumatlar dərc edilmişdir.
Ensiklopediyada həmçinin Murmanskın inkişaf tarixində mühüm iz qoymuş insanların qısa bioqrafiyaları verilmişdir.
Ensiklopediyada Azərbaycan, ÜAK xətti ilə görülən tədbirlər haqqında, öz həyatını şimali Kolaya həsr etmiş, onun tərəqqisinə böyük töhfə vermiş həmvətənlərimiz haqqında məqalələr vardır.
Qeyd etmək lazımdır ki, “Kola ensiklopediyası” nəşri üzərində işə Rusiyanın Murmansk vilayəti ictimaiyyətinin, elmi və mədəni ziyalılarının nümayəndələri, dövlət hakimiyyəti orqanlarının rəhbərləri cəlb olunmuşlar.