“Krım mövsümü - 2014” reklam videoçarxının yaradılması üzərində iş gedir
Kiyev, 14 yanvar (AZƏRTAC). Krım Muxtar Respublikasının Kurortlar və Turizm Nazirliyi ukraynalı müğənni, Krım Muxtar Respublikasının Əməkdar Artisti Zlata Oqneviçin komandası ilə birlikdə “Krım mövsümü - 2014” reklam videoçarxı üzərində iş aparır. Bu barədə muxtar respublikanın kurortlar və turizm naziri Aleksandr Liyev məlumat vermişdir.
AZƏRTAC Krım Muxtar Respublikasının Kurortlar və Turizm Nazirliyinə istinadla xəbər verir ki, promo-videoçarxın üç variantı olacaqdır. Videoçarxın Ukrayna, krım-tatar, ingilis, alman, türk, belarus, latış dillərinə və Komi xalqlarının dilinə tərcümə edilməsi nəzərdə tutulur.
A.Liyev demişdir: “Bu videoçarx yeni kurort mövsümünün əsas reklamı və devizi olmalıdır. Videoçarx “Krım. Kurortlar. Turizm. 2014” XXIII Beynəlxalq Turizm Yarmarkası çərçivəsində təqdim ediləcəkdir”.
Zlata Oqneviç isə Krımın turizm məhsullarının təbliği üçün bu layihənin vacibliyini vurğulayaraq demişdir: “Mən Krımı çox sevirəm. Bu gözəl diyara vurulmamaq olmur. Ürəkdən istəyirəm ki, yarımada çiçəklənsin və hər kəs Krımı özü üçün kəşf etsin”.
Xatırladaq ki, tanınmış ukraynalı müğənni Zlata Oqneviç Krımda turizmin rəsmi təmsilçisidir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev