Krımın Sapun dağında Azərbaycan döyüşçü xatirəsinə ucaldılmış abidə kompleksində Azərbaycan bayrağı qaldırılmışdır
Bakı, 18 avqust (AZƏRTAC). Krımın Sapun dağında Azərbaycan döyüşçülərinin xatirəsinə ucaldılmış abidə kompleksində Azərbaycan bayrağı qaldırılmışdır. Mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli iştirak etmişdir. Bu barədə AZƏRTAC-a Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov bildirmişdir.
Səfirin Krıma səfəri çərçivəsində Simferopolda Krımın baş naziri Anatoli Mogilyovla görüş keçirilmişdir. A.Mogilyov Azəbaycan biznesinin nümayəndələrini oktyabrın 4-5-də Yaltada keçiriləcək III Beynəlxalq Qara dəniz iqtisadi forumuna dəvət etmişdir.
E.Mədətli bildirmişdir ki, Azərbaycan Krım ilə bütün sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Səfir demişdir: “Biz böyük əməkdaşlıq və sərmayə potensialı olan Krımla münasibətlərə xüsusi əhəmiyyət veririk. Bizim sərmayədarlar Krımda işləməyə can atırlar”.
Səfir Sevastopol Şəhər Dövlət Administrasiyasının sədri Vladimir Yatsuba ilə də görüşmüşdür. Səfir qəhrəman şəhərin qubernatoru ilə regionlar arasında birbaşa əlaqələrin yaradılması, Azərbaycan şəhərləri dostluq münasibətlərinin qurulması imkanlarını müzakirə etmişdir.