Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 11 santimetr artıb
Bakı, 2 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 110-180, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan Muxtar Respublikası çaylarında isə 110 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, martın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 211 kubmetr olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 157 kubmetr olmaqla ongünlük normanın 65 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr olmaqla ongünlük normanın 77 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 58 kubmetr təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 8, Salyanda 2, Bankədə 1 santimetr azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 (2017-ci il martın 2-də 424 sm), Şirvanda 241 (2017-ci il martın 2-də 327 sm), Salyanda 201 (2017-ci il martın 2-də 282 sm), Bankədə 201 (2017-ci il martın 2-də 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 santimetr (2017-ci il martın 2-də 150 sm) təşkil edir.