“Layihələrin idarə olunması” - BDU tələbələri üçün təlim
Bakı, 23 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə “Paşa Sığorta” ASC tərəfindən universitet tələbələri üçün “Layihələrin idarə olunması” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov tələbələri sektorun fəaliyyət proqramı barədə məlumatlandırıb.
“Paşa Sığorta”nın təlimçisi Ayşən Qarayeva layihə anlayışı, layihələrin effektiv idarə olunmasının qayda və prinsipləri ilə iştirakçıları tanış edib. Bildirilib ki, qarşıya qoyulmuş məqsədin reallaşmasında, hədəfə çatdırılmasında layihələrin düzgün idarə edilməsinin böyük rolu var. Layihələrin düzgün idarə olunması isə özündə işlərin planlaması, təşkilatlanma, idarəetmə, işlərin yoxlanması kimi məqamları birləşdirir. Layihələrin düzgün idarəsi müəssisənin effektiv inkişafına, sərmayənin daha düzgün istifadəsinə, yüksək keyfiyyət və inama, mükəmməl sistemləşməyə, müştərilərə daha yaxşı xidmətə və s. səbəb olur.
A.Qarayeva layihələrin düzgün idarə olunmasında səriştəli layihə menecerinin də rolunu xüsusi vurğulayıb.
Sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.