CƏMİYYƏT
Lənkəranda nöqsanlar aşkarlanan dondurma emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
![](/files/galleryphoto/2023/2/1200x630/168985855836025168_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898585586441865029_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898585586436712861_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898585582239218139_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898585584303048387_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898585585838513270_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898585581638560386_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898585583806722736_1200x630.jpg)
Bakı, 20 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Lənkəran rayonu, Bakı-Astara şosesində (“Ləvəngi dairəsi” adlanan ərazidə) fəaliyyət göstərən fiziki şəxs İsa Valeh Raqif oğluna məxsus dondurma emalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, üzərində etiket məlumatları olmayan 336 kiloqram dondurma məhsulunun satışı qadağan edilərək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. İstehsal olunan dondurmalardan nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyasına təqdim edilib.