LEYSAN YAĞIŞLARI NƏTİCƏSİNDƏ ÖLKƏNİN ÇAYLARINDA SULULUQ ARTMIŞDIR
Bakı, 6 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 5-6-da gecə və səhər yağan leysan yağışlar nəticəsində ölkənin çaylarında sululuq artmış, Balakən-Şəki bölgəsinin Kişçay, Şinçay, Küngütçay, Zəyzitşay, Qaraçay, Dəhnəçay, Daşağılçay, Əyriçay, Balakənçay, Mazımçay, Talaçay, Kürmükçay, Hamamçay və Türyançay çaylarından qısamüddətli daşqın keçmişdir.
Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi 30-90 santimetr, Quba-Xaçmaz bölgəsinin çaylarında 20-40 santimetr, Qazax-Gəncə bölgəsinin çaylarında isə 10-27 santimetr artmışdır.
Hazırda ölkənin çaylarında sululuq ongünlük normadan yüksəkdir. Ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 393-693 faizini, Quba-Xaçmaz bölgəsi çaylarında normanın 115-494 faizini, Balakən-Şəki və Qazax-Gəncə bölgəsi çaylarında isə normanın 165-281 faizini təşkil edir.
Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, eyni zamanda, Gürcüstan ərazisində Qanıx və Kür çayının hövzələrinə yağan leysan yağışları nəticəsində müvafiq olaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 103 santimetr artaraq su sərfi 203 kubmetr/saniyə (ongünlük normanın 212 faizi), Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 16 santimetr artaraq su sərfi 220 kubmetr/saniyə (ongünlük normanın 136 faizi) təşkil edir.
Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 santimetr, Şirvanda 341 santimetr, Bankədə 262 santimetr, Salyanda 360 santimetr, Araz-Novruzluda isə 170 santimetrdir.