Litva tarixçisi: Ermənistan və Qarabağ separatçıları beynəlxalq hüququn bütün prinsiplərini pozublar
Vilnüs, 3 dekabr, Nigar Cəfərli, AZƏRTAC
Dekabrın 2-də Litvanın www.slaptai.lt internet nəşrində tarixçi alim Gintaras Vayçunasın “Təcavüzkarla qəribə dostluq” sərlövhəli məqaləsi yer alıb.
G.Vayçunas məqalədə qeyd edir ki, hamı tərəfindən qəbul olunmuş hüquq normalarına məhəl qoymayan təcavüzkarlar qanunsuz hərəkətlərinə bəraət qazandırmaq üçün bu normalardan çox vaxt sipər kimi istifadə edirlər. Bu, Ermənistan ordusu və yerli separatçılar tərəfindən işğal edilmiş Dağlıq Qarabağ məsələsinin həllində də aydın şəkildə görünür.
Alim Litva Seyminin deputatı, qondarma “Litva və Dağlıq Qarabağ dostluq qrupu”na başçılıq edən Dalya Kuoditenin sözlərini sitat gətirir. Dalya Kuodite özünün internet səhifəsində yazır: “Erməniləri azadlıq uğrunda mübarizəyə sövq edən stimul məhz Dağlıq Qarabağ məsələsi olub. Litva isə onları dəstəkləyir, təyini-müqəddərat hüququnu müdafiə edir”. G.Vayçunas belə bir sual verir: “Məgər Qarabağdakı azərbaycanlıların hüquqları məhdudlaşdırılmırmı? Onlar öz canlarını qurtarmaq üçün evlərini və bütün əmlaklarını qoyub Vətəndən didərgin düşmək məcburiyyətində qalıblar”. Litvalı alim əmindir ki, Dağlıq Qarabağ məsələsində ermənilərin təyini-müqəddərat prinsipi təkcə buna görə parodiyadır ki, əzəldən azərbaycanlıların doğma yurd-yuvalarından qovulması nəticəsində əldə olunub. O, beynəlxalq hüququn bütün normalarının, o cümlədən insan azadlıqları və hüquqları, sərhədlərin, ərazi bütövlüyünün toxunulmazlığı, habelə suveren dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinin Ermənistan və Qarabağ separatçıları tərəfindən pozulması faktlarını gətirir.
İnsanların böyük əksəriyyətinin beynəlxalq hüquqla maraqlanmadığını və görünür, Litva Seyminin bəzi üzvlərinin də bununla maraqlanmadığını hesab edən G.Vayçunas yazır: “Ola bilsin, bu, bizim Seymdə erməni lobbizminin uğurlu nümunəsidir, çünki artıq təcavüzkar ilə dostluq haqqında bəyanat faktı özlüyündə qəribədir”.