SİYASƏT
Litvanın və Azərbaycanın şəhərləri arasında əməkdaşlığın qurulması məsələsi müzakirə olunub
Vilnüs, 3 may, AZƏRTAC
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Birştonas şəhərinin meri Niyole Dirqinçienenin dəvəti ilə şəhər meriyasında olub.
Görüşdə səfir Azərbaycan və Litva arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini bildirib, hökumətlərarası birgə komissiyanın və parlamentlərarası dostluq qruplarının fəaliyyəti haqqında söz açılıb.
Diplomat, həmçinin Azərbaycanın son illərdə iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər haqqında Birştonas merinə məlumat verib.
Azərbaycanda olduğunu qeyd edən N.Dirqinçiene azərbaycanlıların qonaqpərvərliyindən danışıb və Bakının gözəlliyinin onu valeh etdiyini bildirib. Daha sonra mer şəhərinin tarixi, mədəni abidələri və sosial-iqtisadi vəziyyəti barədə məlumat verib, şəhərdə fəaliyyət göstərən sanatoriyalar haqqında danışıb və Azərbaycandan turistlər qəbul etməyə hazır olduqlarını vurğulayıb.
Söhbət zamanı, həmçinin Birştonas və Azərbaycanın şəhərlərindən biri arasında əməkdaşlıq münasibətlərinin qurulması məsələsi müzakirə olunub. Qeyd olunub ki, bu münasibətlər şəhərlər arasında bütün sahələrdə əməkdaşlığın qurulması üçün imkan yaradacaq.
Sonra səfir H. Məmmədzadə Birştonas şəhərindəki turizm obyektləri və sanatoriyaların fəaliyyəti ilə tanış olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs