LUKAS ŞERER: AZƏRBAYCANDA SƏRMAYƏ VƏ SAHİBKARLIQ MÜHİTİNİN YAXŞILAŞDIRILMASI ÜÇÜN MÜHÜM TƏDBİRLƏR GÖRÜLÜR
İsveçrə Sərmayələrin Təşviqi Təşkilatının təmsilçisi Lukas Şerer bu fikri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Sürix şəhərində keçirdiyi beynəlxalq forumda Azərbaycan diplomatı ilə söhbət zamanı söyləmişdir.
Forumda Avropa Birliyinin üzvü olan dövlətlərlə bu beynəlxalq təşkilata daxil olmayan digər dövlətlər, o cümlədən Baltikyanı ölkələr, Cənubi Qafqazın və Mərkəzi Asiyanın yeni müstəqil dövlətləri arasında işgüzar iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Tədbirdə Avropa Birliyinə daxil olan dövlətlərin şirkətlərinin həmin ölkələrin iqtisadiyyatının inkişafına rolu, Avropa Birliyinin kiçik və orta sahibkarlığın inkişafına mümkün yardım formalarının dəyərləndirilməsi, AYİB tərəfindən bir sıra layihələrin maliyyələşdirilməsi məsələləri nəzərdən keçirilmişdir.
Forumda Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Almaz Məmmədov iştirak etmişdir.
İsveçrə Sərmayələrin Təşviqi Təşkilatının nümayəndəsi Lukas Şerer Azərbaycan diplomatı ilə görüşdə bildirmişdir ki, respublikada siyasi sabitliyin olması, sahibkarlığın inkişafına dövlət tərəfindən əlverişli şərait yaradılması Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Cənab Lukas Şerer forumda 2003-cü il martın 25-27-də Bakıda “MDB ölkələrinə yardım. Azərbaycana sərmayə qoyulması” mövzusunda keçiriləcək beynəlxalq konfransın proqramını da təqdim etmişdir. Proqramda bildirilir ki, Şərqlə Qərb arasında ticarət və nəqliyyat yollarının kəsişdiyi əlverişli coğrafi-siyasi məkanda yerləşən Azərbaycanda indi neft sektorundan əlavə, iqtisadiyyatın digər sahələrinə də sərmayələrin cəlb edilməsi üçün münbit zəmin yaranmışdır. Azərbaycan hökuməti xeyli vaxtdır ki, bu məqsədlə əsaslı islahatlar həyata keçirir. Bakıda keçiriləcək beynəlxalq konfransın məqsədi potensial sərmayəçilərə Azərbaycan hökumətinin islahatlar proqramını və ölkədə sərmayə imkanlarını nümayiş etdirməkdən ibarət olacaq, bir sıra layihələr təqdim olunacaqdır.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin