İDMAN
Makron latviyalı deputatların rusiyalı və belaruslu idmançılarla bağlı çağırışını dəstəkləyə bilər
![Makron latviyalı deputatların rusiyalı və belaruslu idmançılarla bağlı çağırışını dəstəkləyə bilər](/files/2024/1/1200x630/17053149353165663206_1200x630.jpg)
Bakı, 15 yanvar, AZƏRTAC
Fransa prezidenti Emmanuel Makron latviyalı deputatların rusiyalı və belaruslu idmançıların Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılmasının bloklanması barədə çağırışını dəstəkləyə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova bildirib.
Latviyalı deputatlar Fransa prezidentinə müraciətlərində bildiriblər ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rusiyalı və belaruslu idmançıların neytral statusda Yay Olimpiya Oyunlarına buraxılması haqqında qərarı məsuliyyətsiz addımdır.
“Bir müddət əvvəl estoniyalılar Makrona, indi isə latviyalılara müraciət ediblər. Görünür, onlar Makrona həftəlik petisiyalarla müraciət göndərərək informasiya meydanını qızışdırmaq üçün bunu bir-bir edəcəklər”, - deyə Jurova bildirib. “Onlar artıq BOK ilə əlaqə saxlamağı mənasız hesab edirlər, çünki o, qərarını dəyişməyəcək, ona görə də ölkəyə girişi qadağan edə biləcək Makrona yazırlar”.
“Makron yəqin ki, bu məsələ ilə bağlı BOK ilə məsləhətləşəcək, lakin o, həqiqətən belə bir qərar verə bilər. Məsələn, biz bilirik ki, bir vaxtlar Böyük Britaniya Aleksandr Lukaşenkonun Olimpiya akkreditasiyası olmasına baxmayaraq, onu ölkəyə buraxmayıb. Ona görə də bunu istisna etmək olmaz. Biz əvvəlcə dedik ki, idmançılar bütün filtrlərdən keçə, vətənlərindən imtina edə, bəzi sənədlərə imza ata bilərlər, lakin sonda Makron bir sıra ölkələrin müraciətini əsas gətirərək onları içəri buraxmayacaq”, - deyə o əlavə edib.
Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək. BOK dekabr ayında Rusiya və Belarus idmançılarının yalnız neytral statusda Oyunlara buraxılacağını və təkcə ayrı-ayrı idman növlərinin nümayəndələrinin öz ölkələri ilə hər hansı əlaqə nümayiş etdirməsinin qadağan ediləcəyini elan edib.