Malavi parlamenti sədrinin müavini Qlobal Bakı Forumunun təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib

Bakı, 13 mart, AZƏRTAC
Bu tədbirdə ölkəmiz Malavini və parlamentimizi təmsil edirəm. XII Qlobal Bakı Forumu bizə dünya çağırışlarına necə cavab verməyi öyrədir.
Bu barədə AZƏRTAC-a müsahibəsində XII Qlobal Bakı Forumunun iştirakçısı, Malavi parlamenti sədrinin birinci müavini Madalitso Fred Kazombo deyib.
Müsahibimiz, həmçinin ölkəsinin və Afrika qitəsinin böyük potensiala və təbii sərvətlərə malik olduğunu bildirib. Bu sərvətlərin düzgün istiqamətdə xərclənməsinin, dünyada sülh və ölkələr arasında əməkdaşlığa ehtiyac olduğunu diqqətə çatdıran Madalitso Fred Kazombo XII Qlobal Bakı Forumunun bunun üçün əvəzolunmaz platforma olduğunu bildirib.
“Forum çox gözəl təşkil olunub. Heç bir şikayətim yoxdur və hər şey protokola uyğun gedir. COP29 konfransında iştirak etməmişəm, amma eşitmişəm ki, həmin tədbir də uğurla təşkil olunub. Bu, Azərbaycana ikinci səfərimdir. Keçən dəfə olduğu kimi, bu dəfə də ölkəniz məni inkişaf tempi və qonaqpərvərliyi ilə heyran edir”, - deyə Madalitso Fred Kazombo bildirib.