İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 29 avqust, AZƏRTAC
Sentyabrın 3-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin diskontlu, dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiya həcmi 100 milyon manat, nominal dəyəri 100 manat, istiqrazların tədavül müddəti 364 gündür. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə, emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.