Mario Flores: Böhran dövründə mənzil hüquqlarının təminatı yenidənqurma prosesində köçürülmənin qarşısını almalıdır
Bakı, 22 may, AZƏRTAC
Böhran və fəlakətlər zamanı mənzil sahəsində təmin edilən təhlükəsizlik mexanizmləri ailələrin yenidənqurma mərhələsində təkrar köçürülməsinin qarşısını almaqda mühüm rol oynayır. Xüsusilə böhran, təbii fəlakətlər nəticəsində məcburi köçkün vəziyyətinə düşən insanlar üçün “geri qayıdış hüququ”nun tanınması və təsdiqlənməsi vacib əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu “Habitat for Humanity International” təşkilatının Mənzil, Fəlakətlərə Dayanıqlılıq və Bərpa üzrə Sahə Əməliyyatları direktoru Mario Flores Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa arasında körpü” adlı sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu yanaşma mütləq şəkildə formal mülkiyyət sənədinin mövcudluğunu tələb etmir.
“Əsas məqsəd insanların böhrandan əvvəl malik olduqları təhlükəsiz məskunlaşma və istifadə hüququnun tanınmasıdır. Bir çox hallarda bu hüquqlar rəsmi sənədlərlə təsdiqlənməsə də, insanların öz evlərinə təhlükəsiz şəkildə qayıtmasına və yenidənqurma dövründə onların yenidən köçürülməyəcəyinə dair etimadın formalaşdırılması üçün kifayət qədər zəmanət yaradır”, - deyə Mario Flores qeyd edib.
Beynəlxalq təşkilatın rəsmisi vurğulayıb ki, bu yanaşma böhranın ilkin mərhələlərindən etibarən nəzərə alınmalı, beləliklə yenidənqurma prosesində gecikmələrin qarşısı alınmalı və bərpa daha dayanıqlı şəkildə həyata keçirilməlidir.
Müxbir-Vüqar Qurbanoğlu