Masallıda region gəncləri üçün “Kənd yaşıl turizmi” mövzusunda təlim keçirilmişdir
Masallı, 6 sentyabr (AZƏRTAC). “Turizmə Dəstək Gənclər Assosiasiyası” İctimai Birliyi (TDGA) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Kəndli gənclər turizm birlikləri-yaşıl turizm şəbəkəsi” layihəsinin icrasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, layihənin hazırlıq mərhələsində əyani vəsaitlərin və digər təlim materiallarının nəşrindən sonra qrafikə uyğun regionlarda gənclər üçün “Yaşıl turizm imkanları-gənclərin turizm birlikləri” mövzusunda təlimlərə başlanılmışdır.
İlk belə təlim Masallı rayonunda regionun turizm sahəsinə marağı olan gənclər üçün keçirilmişdir. Üçgünlük təlimdə 35 yerli gənclə yanaşı, rayon icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin, gənclər və idman idarəsinin məsul əməkdaşları da iştirak etmişlər.
Tədbirdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda, xüsusilə də regionlarda turizm potensialının, o cümlədən kənd yaşıl turizminin inkişafı sahəsində atılan addımlar yüksək qiymətləndirilmişdir.
Təlimdə TDGA-nın layihə üzrə yerli tərəfdaşı olan rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov çıxış edərək, layihənin bölgələrdə gənclərin turizmə marağının artırılmasında müsbət təsir edəcəyini və yaxın gələcəkdə bu istiqamətdə Masallıda konkret addımların atılacağını bildirmişdir.
Layihənin eksperti Rəşad Bayramov kəndli gənclərə yaşıl turizm, onun potensialı, gənclərin bu sahədə ata biləcəyi addımlar, faydalanma imkanları və perspektivləri, zəruri bilgilər, imkan və resurslar barədə geniş məlumat vermiş, gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Təlimdə gənclərə TDGA tərəfindən hazırlanmış yaddaş kitabçası da paylanılmışdır.
Layihənin davamlılığı və gələcək fəaliyyət üçün yerlərdə kəndli gənclərin yaşıl turizm şəbəkəsinin qurulması qərara alınmışdır.