Masallıda sahibkar və sakinlərin təbii qazla bağlı müraciətləri dinlənilib
Bakı, 19 yanvar, AZƏRTAC
Masallıda fəaliyyət göstərən sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və digər məsələlərin qeydə alınması məqsədilə “Açıq mikrofon” sizlərin ixtiyarına verilir.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəis müavini Seyran Şahverdiyev Masallı rayonunda qurulan səyyar qəbul otağında deyib.
Aksiyada çıxış edən KOBİA-nın nümayəndələri hər zaman sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd ediblər. “Açıq mikrofon” aksiyasında ümumilikdə 10-a yaxın müraciət səslənib ki, bunlar arasında sakinlərin də istəkləri yer alıb. Sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş etməklə yanaşı, həm də onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
“Açıq mikrofon” aksiyasında “Azəriqaz” İB-nin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.